Müsahibələr və çıxışlar
Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri: Güclənən Dialoq
23 may tarixində Azərbaycan və Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin mühüm ildönümü qeyd olunur. Bu, qarşılıqlı hörmət, dinlərarası dialoq və artan əməkdaşlıqla dolu bir yolu nəzərdən keçirmək üçün bir fürsətdir. Rəsmi münasibətlərin qurulmasından 33 il sonra bu əlaqələr daim inkişaf edir.
2023-cü ildə Romanın Conciliazione küçəsində, Vatikana yaxın ərazidə, Müqəddəs Taxt-Tac yanında Azərbaycan səfirliyinin açılması və İlqar Muxtarovun səfir təyin edilməsi bu əlaqələrə böyük təkan verdi. Bu, sülh və ümumi rifah naminə səbrlə, uzaqgörənliklə və birgə əməkdaşlıq iradəsi ilə qurulan münasibətləri daha da möhkəmləndirən və sabitləşdirən, bəşəri əhəmiyyətli mövzuları müzakirə etmək üçün davamlı və sabit bir platforma təmin edən əhəmiyyətli bir addım olmuşdur.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra, 1992-ci ildə qurulan diplomatik münasibətlər, ən yüksək din və dövlət nümayəndələri arasında mühüm görüşlərin keçirildiyi bir yol üzrə inkişaf etmişdir. İlk əsas mərhələ 1997-ci ildə Azərbaycanın Ümummilli Lideri, Prezident Heydər Əliyevin Vatikana səfəri olmuşdur. Vatikanla mövcud əlaqələrin qurulmasını məhz ona borcluyuq.
Bu gün dünya, o cümlədən Azərbaycan, Papa Fransiskin vəfatının yasını tutarkən, eyni zamanda Papa XIV Leonun xidmətə başlamasını heyranlıqla izləyərkən, iki dövlətin yaxınlaşması yolunda Roma Papalarının oynadığı əsaslı rolu qeyd etməmək olmaz. İkitərəfli münasibətlərdə digər əhəmiyyətli məqam 2002-ci ildə Müqəddəs II İoann Pavelin Bakıya səfəridir. O zaman Roma Papası Azərbaycanı sivilizasiyaların görüş yeri adlandıraraq, Şərq və Qərb, eləcə də müxtəlif dini dünyalar arasında körpülərin qurulmasında ölkəmizin strateji və mədəni rolunu vurğulamışdır. Papa Fransisk ilə bu yanaşma daha da inkişaf etmişdir. Xüsusilə, Roma Papasının 2 oktyabr 2016-cı ildə Bakıya səfəri növbəti güclü simvolik məqam olmuşdur. Prezident İlham Əliyev tərəfindən səmimiyyətlə qarşılanan Roma Papası yerli katolik icması ilə görüşmüş və öz nitqində müxtəlif dinlərə mənsub insanlar arasında sülh və qarşılıqlı hörmətə əsaslanan birgə yaşayışın praktiki mümkünlüyünü vurğulamışdır. O, Azərbaycanı əhalisinin əksəriyyəti müsəlman olan, lakin dünyəvi yanaşması və dini azlıqların qorunması ilə tanınan bir ölkə kimi səciyyələndirmişdir.
İllər ərzində çoxsaylı Azərbaycan nümayəndə heyətləri, o cümlədən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda qəbul edilmiş, Vatikan nümayəndə heyətləri isə Bakıya səfərlər etmişlər. Görüşlərin əsas mövzuları mədəni və humanitar əməkdaşlıqdan dini azlıqlara dəstəyə qədər, sülhün təşviqi və ekstremizmin bütün formalarına qarşı mübarizəyə qədər geniş kontekstləri əhatə etmişdir. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə Azərbaycanın Vatikan irsinin bərpasına dostluq jesti olaraq verdiyi töhfə, mədəni və dini əməkdaşlıq arzusunun əyani nümunəsidir. Xanım Mehriban Əliyeva ikitərəfli əməkdaşlıqdakı fəaliyyətinə görə Vatikanın ən yüksək mükafatı olan Piy Ordeninin Böyük Xaçı ilə təltif olunmuşdur. Görülən işlər arasında bəzi katakombaların və Müqəddəs Pyotr Kilsəsindəki Papa I Leo və Attila arasında görüşü əks etdirən barelyefin bərpası, eləcə də 2025 Yubiley ili münasibətilə Müqəddəs Pavel Kilsəsinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı atılan son addımlar qeyd edilə bilər.
Azərbaycan və Müqəddəs Taxt-Tac arasında güclənən əlaqələr sülh və dialoq diplomatiyasının coğrafi və mədəni baxımından zahirən uzaq görünən reallıqlar arasında necə qalıcı nəticələr verə biləcəyini göstərir. Qarşılıqlı dialoq və anlaşma kontekstində, məhz bu il Azərbaycan dilinin Vatican News-un informasiya təklifini zənginləşdirməsi, yeni bir bilik körpüsü qurması və dünyanın getdikcə daha çox ehtiyac duyduğu bir dialoq toxumu səpməsi xüsusi qeyd edilməlidir.