20 Yanvar - Ümummilli Hüzn Günü ilə əlaqədar mətbuatda yer alan xəbərlər
Bu gün zündə qorxu və ölüm ehtiva edən, tarixə Azərbaycanın Qara Yanvarı adı ilə düşən 20 yanvar 1990-cı il hadisəsindən 35 il keçir. Azərbaycan Respublikasının Prezidenti 2025-ci ili Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan etmişdir və vurğulamışdır ki, “müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur". 1980-ci illərin sonlarında SSRİ rəhbərliyinin ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisində yerləşən öz tarixi torpaqlarından etnik təmizləmə yolu ilə deportasiya edilməsinə, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına, habelə SSRİ rəhbərlərinin keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində radikal ermənilərin separatçı fəaliyyətinə dəstəyinə cavab olaraq Azərbaycan xalqının başlatdığı kütləvi etirazların və milli azadlıq hərəkatının əsasını məhz bu arzu təşkil edirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun göstərişi ilə 26 min sovet əsgəri Azərbaycan xalqının müstəqillik arzusunu zorla boğmaq məqsədi ilə öz tanklarını Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərində yaşayan dinc əhaliyə qarşı yeritmişdir. Onlar elə bilirdilər ki, o müstəqillik arzusunu yarıda qoya biləcəklər, lakin 150-dən çox dinc sakinin ölümünə, 800-ə yaxın insanın yaralanmasına və çoxlu sayda insanın, o cümlədən Azərbaycanda birgə yaşayan müxtəlif dinlərin nümayəndələrinin itkin düşməsinə səbəb olan hərbi müdaxiləyə baxmayaraq, xalq tanklara qarşı mübarizəni əliyalın davam etdirmişdir.
Faciəli hadisələrdən dərhal sonra Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək həyata keçirilən vəhşiliyi kəskin şəkildə pisləyərək, Azərbaycan xalqına qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və cinayətkarların cəzalandırılmasını tələb edib. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvarı Ümumxalq Hüzn Günü elan etmişdir.
Artıq 35 ildir ki, 20 Yanvar Azərbaycanın müstəqilliyinə gedən yolun başlanğıcı hesab olunur və bu yol ildən-ilə zənginləşmiş, 2020-ci il Vətən Müharibəsi nəticəsində bərpa edilmiş suverenlik və 2023-cü il antiterror əməliyyatlarından sonra daha da möhkəmlənmiş və bu gün ölkədə sülhün bərqərar olması üçün canlarından keçmiş şəhidlərin xatirəsinin naminə qeyd olunur.