news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 noyabr 2025

25–26 noyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca səfər etmişdir

25–26 noyabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vatikan şəhərinə rəsmi səfəri çərçivəsində Müqəddəs Tax-Tacın Dövlət katibi Kardinal Pietro Parolin, həmçinin Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə Katibi, arxiyepiskop Pol Riçard Qallager ilə görüşlər keçirmişdir.

 

Görüşlər Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış güclü siyasi dialoqun və geniş formatlı əməkdaşlıq gündəliyinin davam etdiyini bir daha təsdiq etmiş, eyni zamanda dinlərarası dialoq, Cənubi Qafqazda sülh təşəbbüsləri, əldə olunmuş tarixi nəticələr, eləcə də humanitar və mədəni layihələr üzrə fikir mübadiləsinin aparılmasına imkan vermişdir.

 

Müzakirələr zamanı tərəflər Azərbaycan–Vatikan münasibətlərinin artan dinamizmini yüksək qiymətləndirmiş, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda dini və mədəni irsin qorunmasına yönəlmiş layihələrin mədəniyyətlərarası əməkdaşlığa verdiyi töhfəni xüsusi vurğulamışlar. Həmçinin Azərbaycanın multikulturalizm modeli, ölkədə bütün dini icmaların etiqad azadlığını təmin edən tolerant mühit, habelə regionda sülh prosesinə, bərpa təşəbbüslərinə göstərdiyi ardıcıl dəstək müzakirələrin əsas mövzularından olmuşdur. Nazir Ceyhun Bayramov həmsöhbətlərini Azərbaycan–Ermənistan normallaşma prosesinin son vəziyyəti barədə məlumatlandıraraq bölgədə davamlı sülh və inkişaf üçün yaranmış real imkanlara diqqət yönəltmişdir.

 

Səfər çərçivəsində nazir Katolik Kilsəsi rəhbərinin iştirakı ilə keçirilən Ümumi Audiyensiyada Papa XIV Leo həzrətləri ilə görüşmüş, ona Azərbaycan Respublikası Prezidentinin salamlarını çatdırmış və ölkəmizə rəsmi səfər dəvəti xatırladaraq yaxın zamanda bu səfərin reallaşmasına ümidini ifadə etmişdir.

 

Səfərin zamanı nazir eyni zamanda Vatikan Apostol Kitabxanası və Müqəddəs Pyotr Bazilikasını ziyarət etmiş və Azərbaycan Respublikasının Vatikandakı səfirliyinin inzibati ofisinə baxış etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti