Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasını ziyarət edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb.
Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı dəfə səfər etdiyini xatırladan Birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb.
Baş keşiş kardinal Ceyms Harvi bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə Müqəddəs Taxt-Tac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Kardinal qeyd edib ki, bütün katolik və xristian icmalarının əsaslarının qoyulmasında Müqəddəs Pavel çox böyük rol oynayıb. O, Müqəddəs Pavel Bazilikasında indi və gələcəkdə silsilə tədbirlərin keçiriləcəyini vurğulayaraq deyib: “Gördüyünüz bu nəcib işlər Sizin ölkənizi daha yaxından tanımaq üçün yaxşı fürsətdir”.
Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan baş keşiş bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söyləyib. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq, həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirib.
Sonra Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub.
Diqqətə çatdırılıb ki, Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir və 1980-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bildirilib ki, Müqəddəs Həvari Pavelin dəfn olunduğu yer üzərində inşa edilən bu kilsə Romada yerləşən dörd əsas papal bazilikadan biridir, Roma Katolik Kilsəsinin ən müqəddəs və tarixi məkanlarından sayılır. Bazilikanın daxili hissəsində I Pyotrdan başlayaraq indiyədək bütün papaların mozaika portretləri yerləşdirilib. Vatikanın gur səs-küylü mühitindən uzaqda yerləşdiyi üçün bazilika sakit və ruhani atmosferi ilə seçilir.
2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil olunan və Müqəddəs Taxt-Tac tərəfindən qeyd edilən “Yubiley İli” çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Sənədi Qubernatorluğun sabiq prezidenti kardinal Fernando Vergez Alzaqa və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov imzalayıblar.