news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 iyul 2025

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Ramin Məmmədov Vatikanda rəsmi səfərdə

İyulun 28-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində anlaşma memorandumu imzalanıb. Sözügedən memorandum tərəflər arasında dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədilə təcrübə və məlumat mübadiləsini, həmçinin birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə, həmçinin dini təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əks olunub.

Anlaşma memorandumunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad imzalayıblar.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov memorandumun dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə mühüm töhfələr verəcəyinə, bu dəyərlərin tanıdılmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Müqəddəs Yubiley İli münasibətilə təbriklərini çatdıran komitə sədri Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin böyük inkişaf yolu keçdiyini vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondu ilə Vatikan arasında əməkdaşlıq dünyada mədəniyyətlərarası dialoq və dünya mədəni irsinə həssas münasibətin ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilir. Vurğulayıb ki, katakombaların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə əməkdaşlıq, arxiv əlyazmalarının rəqəmsallaşdırılması kimi uğurlu layihələrin məqsədi bəşəriyyətin ümumi irsinə töhfə verməkdən ibarətdir.

Ölkəmizdəki dini mühit barəsində məlumat verən Ramin Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Azərbaycanda dini konfessiyalar arasında qarşılıqlı hörmət, anlaşma mühitinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

R.Məmmədov bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra atılan əsas addımlardan biri də erməni vandalizminə məruz qalmış dini abidələrin bərpası və yenidən qurulması prosesidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu məqsədlə işğaldan azad olunmuş ərazilərimizdə böyük layihələr həyata keçirir.

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad Azərbaycanla Vatikan arasında yüksəksəviyyəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Roma papaları II İoann Pavel və Fransiskin ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafındakı roluna toxunub. Bu memorandumu ölkəmizdə dini azlıqlara hörmət və ehtiramın göstəricisi olan, 2011-ci il aprelin 29-da “Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” imzalanan sazişlə möhkəmlənmiş əlaqələrin uğurlu nəticəsi kimi dəyərləndirib. Kardinal, eyni zamanda, sənəd çərçivəsində həyata keçiriləcək layihələrin dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqində mühüm rol oynayacağına əminliyini ifadə edib. Memorandumun təsdiqlənməsi və imzalanmasına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə ehtiramını bildirib.

 

Komitə sədri səfər çərçivəsində eyni zamanda Müqəddəs Taxt-Tacın Dövlət katibinin müavini Edqar Penna Parra ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini müxtəlifliyin qorunması, dinlərarası harmoniyanın gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verib. Bildirib ki, dinlərarası dialoqun dərinləşməsi istiqamətində aparılan məqsədyönlü dövlət siyasəti multikultural və tolerant mühiti möhkəmləndirir. Dini qurumlar ölkə qanunvericiliyinin onlara verdiyi imkanlardan bəhrələnərək dinlərarası dialoqun möhkəmlənməsində və inkişafında yaxından iştirak edirlər.

O, həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən dini icmalara maddi və mənəvi dəstək göstərilir, dini və mədəni abidələrin bərpası və qorunması istiqamətində mühüm addımlar atılır. Komitə sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dini-mədəni abidələrin təmiri və bərpası istiqamətində həyata keçirdiyi layihələrin bəşəriyyətin ümumi irsinə sonsuz ehtiramın ifadəsi olduğunu vurğulayıb.

Edqar Penna Parra Vatikanla Azərbaycan arasında münasibətlərin inkişafını yüksək qiymətləndirərək, sülh və qarşılıqlı anlaşma naminə göstərilən təşəbbüslərin əhəmiyyətinə diqqət çəkib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə dünya mədəni, tarixi və dini irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən layihələri xüsusilə vurğulayıb. Qloballaşan dünyada dinlərarası dialoqun əhəmiyyəti barədə danışan Dövlət katibinin müavini bu istiqamətdə keçirilən tədbirlərin bəşəri dəyərlərin təşviqində böyük önəm daşıdığını deyib.

 

https://azertag.az/xeber/azerbaycanla_vatikan_arasinda_dinlerarasi_dialoq_sahesinde_anlasma_memorandumu_imzalanib-3677307

 

https://azertag.az/xeber/dini_qurumlarla_is_uzre_dovlet_komitesinin_sedri_vatikanin_dovlet_katibinin_muavini_ile_gorusub-3677487

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti