Azərbaycanın Müqəddəs Taxt-Tacdakı və İtaliyadakı səfirlikləri tərəfindən Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad etmək məqsədilə Roma şəhərində yerləşən “Santa Maria della Merçede” kilsəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir təşkil olunmuşdur
26 fevral 2024-cü il tarixində Azərbaycanın Müqəddəs Taxt-Tacdakı və İtaliyadakı səfirlikləri tərəfindən Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad etmək məqsədilə Roma şəhərində yerləşən “Santa Maria della Merçede” kilsəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir təşkil olunmuşdur.
Tədbir Azərbaycanın Müqəddəs Taxt-Tacdakı Səfirliyi tərəfindən təşkil olunmuş, Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Santa Messa”nın (müqəddəs dini ayin) icrası ilə açılmışdır.
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İ.Muxtarov 32-ci ildönümü qeyd olunan Xocalı soyqırımının azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin bariz nümunəsi olduğunu qeyd etmiş, erməni silahlı qüvvələrinin həmin gün beynəlxalq hüquq normalarını pozaraq dinc əhaliyə divan tutduğunu və qanlı cinayətlər törətdiyini bildirmişdir. Günahsız insanların məhz azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla qətlə yetirildiyini, kütləvi qırğın törədildiyini vurğulamışdır.
Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi və 4000 azərbaycanlının taleyinin hələ də naməlum olması Səfir tərəfindən qeyd olunmuşdur.
Səfir “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülmüş işlərdən və soyqırımı həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində atılan addımlardan da danışmış, müxtəlif beynəlxalq təşkilatların və onlarla ölkənin parlamentlərinin Xocalı soyqırımı faktını tanıdığını, bununla bağlı Ermənistanın məsuliyyət daşıdığını bildirmişdir.
Səfir, eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarında Xocalı şəhərində baş verən azərbaycanlı mülki əhalisinin qətliamını “müharibə cinayəti” və ya “insanlığa qarşı cinayət” kimi müəyyən etdiyini qeyd edərək, Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsinin və bu qanlı cinayətə görə məsuliyyət daşıyanların ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin bədii hissəsində İtaliyanın “Accademia Sannita“ orkestrinin ifasında klassik musiqi nümunələri, o cümlədən Azərbaycanın musiqi parçaları təqdim olunmuşdur.
Tədbirdə Müqəddəs Taxt-Tacda və İtaliya Respublikasında akkreditə olunan diplomatik korpusun rəhbərləri və heyəti, Müqəddəs Taxt-Tac-ın Dövlət Katibliyinin rəsmiləri, media təmsilçiləri və yerli Azərbaycan icması iştirak etmişdir.