Birinci vitse-prezident Mehriban Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb və ailə üzvləri ilə birlikdə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak edib.
Görüşdə qubernatorluğun prezidenti Raffaella Petrini Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinə dərin və səmimi təşəkkürünü bildirib. Rahibə Raffaella Petrini Azərbaycanın Birinci vitse-prezidentinin Müqəddəs Taxt-Taca səfərlərini yüksək qiymətləndirərək, Mehriban Əliyevanın qarşılıqlı anlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmət edir.
Birinci vitse-prezident Mehriban Əliyeva səmimi qəbula və göstərilən diqqətə görə Vatikan dövlətinin qubernatorluğuna minnətdarlığını ifadə edib. Mehriban Əliyeva rahibə Raffaella Petrinini Bakıya rəsmi səfərə dəvət edərək, Azərbaycanla Vatikan arasında əməkdaşlığın yeni istiqamətlərdə genişləndirilməsinin vacibliyini vurğulayıb. Raffaella Petrini dəvətini məmnunluq hissi ilə qəbul edərək, yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.
Qarşılıqlı hörmət şəraitində keçən görüşdə Azərbaycan ilə Vatikanın qubernatorluğu arasında mədəni, dini və humanitar sahələrdə praktiki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Daha sonra, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər.
Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və ölkəmizdən gətirilən nar ağacı respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul edilir. Bildirilib ki, bir çox faydalı xüsusiyyətlərə malik olan nar mədəniyyətimizin müxtəlif aspektlərində geniş istifadə olunur.
Tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək.
Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək, onun dövlətlərimiz arasında yüksələn xətlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğulayıb
https://video.azertag.az/site/video/277627
https://video.azertag.az/site/video/277631