news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 yanvar 2025

Jurnalist Rossella Fabianinin “Udi icmasının yaşadığı Azərbaycan dağlarında” başlıqlı məqaləsi

Rossella Fabianinin Azərbaycanın dağlarında yaşayan Udi xristian icması haqqında reportajı

 

Robert Mobili beynəlxalq konfransda iştirak etmək məqsədilə Bakıda idi. Və yaşadığı Nic kəndinə doğru səfərimiz zamanı o bizimlə olacaq. Nic Qəbələ rayonunda yerləşir və Azərbaycanın paytaxtından təxminən 240 kilometr məsafədədir. Robert bu günlərə qədər Nic kəndində yaşayan xristian alban udi icmasının lideridir. Udilər eramızın 4-cü əsrində Həvari Faddeyin şagirdi olan Müqəddəs Yeliseyin təbliği ilə xristianlığı qəbul etmiş Qafqazın qədim alban əhalisinin varisləridirlər və Şərqi Apostolik Katolik Kilsəsinin bir hissəsidirlər. Yetmiş yaşlı, iki uşaq atası olan Robert, mənsub olduğu kilsəni tanıtmaqdan çox xoşbəxtdir: “Biz uzun müddət unudulmuşuq, amma səsimiz heç vaxt kəsilməyib” – deyir. Avtomobillə səfərimiz kifayət qədər uzundur: təxminən üç saatı əhadə edir, lakin bu bizə eyni zamanda Qafqaz ərazisinin bir hissəsini görmək imkanı verir. Avtomobil sürətlə hərəkət edir və pəncərələrdən görünən mənzərə tez-tez şəkil dəyişdirir: səhraya bənzər ərazilərdən üzümlərlə və portağal ağacları ilə zəngin geniş yaşıllıqlara, daha sonra şabalıd meşələrinə keçid hiss olunur. Nic yolu Şamaxıya, oradan da Gürcüstana aparan yolun üstündədir. Vaxtilə Azərbaycanın paytaxtı olmuş Şamaxı çoxlu zəlzələlərin baş verdiyi ərazidədir: 1902-ci ildə tamamilə dağılıb. Qafqazın ən qədim şəhərlərindən biridir. Buradan hələ iki saatlıq yol var. Yolun bir hisəsi genişləndirilmə məqsədilə təmirdədir. Təbiət çox gözəldir. Böyük Qafqaz dağları görünməyə başlayır, Robert səyahət zamanı onları bizə göstərir. O, bizə deyir: “Kiçik Qafqaz dağları Qarabağdadır”. “Böyük Qafqaz isə Qubadan başlayır, Qara dənizdə bitir”. Robert ilahiyyatçı və geoloqdur, öz dediyinə görə, Bakıdakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsinin katolik yepiskopu və 2011-ci ildən Azərbaycanın apostol prefekti, “dostu Vladimir Fekete kimi”. O, dostu Keşiş Rafik Danakari ilə birlikdə Kiyevdə, Pravoslav İlahiyyat Akademiyasında ilahiyyat üzrə təhsil alıb. Robert və Rafik hazırda Nicdə olan yeganə iki keşişdir. Amma Bakıda ilahiyyat təhsili almış icmanın digər 27 üzvü Türkiyənin Mardin şəhərində keşiş təyin olunmağa hazırdır. Onların arasında üzünə İncil həkk olunmuş mülayim bir insan olan Sergey Annari də var: “Həyatım boyu müqəddəs kitabı təkrar-təkrar oxumuşam”- bunları deyərkən gözləri durmadan gülür. Həyat yoldaşı Venera Antonova müəllimədir və bu gün kənd məktəbinə rəhbərlik edir. Bizi salamlayarkən onun qolları əsl ana qollarına bənzəyir: nəvazişli, zərif və dözümlü. O, qədim udi dilini öyrətmək məqsədilə tələbələri üçün hazırladığı iki kitabı fəxrlə nümayiş etdirir. “Bu gün hamı azərbaycanca və rusca danışır. Amma məktəbdə adət-ənənələrimizi və liturgiyamızın dilini bilmək və unutmamaq üçün bizim qədim dilimizi də  öyrənmək olar”, - Venera deyir. Nicdə 5 məktəb var. Burada dərslər azərbaycan və rus dillərində, dördüncü sinfə qədər həm də udi dilində keçirilir.

Robert də qədim udi dilinin qorunub saxlanması istiqamətində böyük işlər görür: “Mən Azərbaycan-udi lüğəti tərtib etmişəm, İncilləri də udi dilinə tərcümə etmişəm, hələ görüləsi işlər çoxdur. Udi dilində ilk lüğət yaradan şərqşünas Adolf Dirrdir”.

Robert cavanlığında, sovet dövründə Qafqazda, Naxçıvanda, Tacikistanda, Özbəkistanda və Türkmənistanda xammal tədqiq edirdi. Və ondan Rusiya hökumətinə tapıntıları barədə məlumat verməsi tələb olunurdu. Son illərdə o, geologiya sahəsində olan təcrübələrini, tikinti materiallarını, məhlullarını və torpağını tədqiq etməklə, öz kilsəsinin tarixini araşdırmaq üçün istifadə edir.

“Bizim kilsəmiz 1836-cı ilə qədər, daha dəqiq desək, həmin il martın 11-nə, Çar I Nikolayın Alban kilsəsini erməni qriqorian kilsəsinin tərkibinə daxil etmək qərarı verənə qədər mövcud ola bildi. Həmin andan etibarən alban mənbələrinin erməni dilinə tərcüməsi başlandı. Udilər bu qərarı rədd edərək evdə ibadət etməyə başladılar. Onlar qriqorianlaşmaq istəmədilər və dillərini və kimliklərini qoruyub saxladılar. Çar Rusiyası Qafqazda “parçala, idarə et” prinsipini dəhşətli şəkildə tətbiq etdi: xalqları parçalayır, dindən istifadə edərək nifrət yayırdı. Biz apostol kilsəsiyik, çünki 12 həvaridən biri olan Varfolomey eramızın 71-ci ilində Bakıya gəlib. Burada həvari Bakının İçərişəhərində (tarixi mərkəzin adı) Qız Qalasının yanında vaxtilə ona həsr olunmuş kilsənin olduğu yerdə şəhid edilib. Bu gün bu kilsə sovetlər tərəfindən dağıdıldığı üçün artıq mövcud deyil. Varfolomeydən əvvəl bu torpaqlara xristianlığı Qüdsün ilk patriarxı Müqəddəs Yaqub tərəfindən Qafqaza göndərilmiş Müqəddəs Yelisey tanıtmışdır və Kişdə yerləşən Qafqazın ən qədim kilsəsi də Müqəddəs Yeliseyin adını daşıyır”.

Bu gün, üç illik bərpadan sonra Kiş kilsəsi əvvəlki vəziyyətinə qayıdıb. “Onu gürcü və erməni kilsələri də Qafqaz kilsələrinin anası hesab edirlər. Bu kilsələrin öz kanonik əraziləri var idi ki, bu da indiki Azərbaycanın ərazisinə uyğundur”.

313-cü ildə Milan fərmanı ilə xristianlıq dövlət dini oldu. Bu, Azərbaycanda da monastırların, kilsələrin və ibadətgahların tikintisinə yeni təkan verdi. Lakin ölkədə xristianlığın əsl çiçəklənməsi Qafqaz Albaniyasının kralı Cavanşirlə (642-681) baş verdi, onun dövründə çoxlu kilsələr tikildi. Onun at belində kiçik heykəli Kiş kilsəsində nümayiş etdirilir.

“Mən İordan çayında vəftiz olundum. Və mən Afon dağını ziyarət edən ilk azərbaycanlı oldum. Burada Ksenofont monastırının arximandriti Aleksi mənə xaçını hədiyyə etdi. Biz Yerusəlim kilsəsinə, eləcə də Efiopiya və Suriya kilsələrinə yaxınıq. Şərqli qardaşlarımızla əlaqə saxlaya bilməyərək keçirdiyimiz uzun illər liturgiyamız haqqında biliklərimizin çoxunu itirməyimizə səbəb oldu. Bu səbəbdən keşişlərimiz Türkiyənin çox qədim Suriya kilsəsinin olduğu və liturgiyamızı yenidən öyrənə biləcəkləri Mardinə gedirlər. Mardində türkcə danışırlar və onları başa düşmək bizim üçün çətin deyil. Bizi iki həftə qonaq edir və qədim kilsələrinin ayinlərini öyrədirlər”.

1996-cı ildə Zaza Aleksidze tərəfindən kəşf edilmiş və Jost Gippert və Wolfgang Schulze tərəfindən tədqiq edilən, Brepols tərəfindən nəşr olunan Sinay Palimpsesti eramızın V-VI əsrlərində udi dilinin mövcudluğunu sübut edir. Palimpsestdə alimlər demək olar ki, bütün oxuna bilinən səhifələri deşifrə edib şərh etmiş (əsasən bibliya mətnlərindən ibarətdir) və qədim albanların liturgik dili ilə udi dili arasında davamlılıq aşkar etmişlər.

Bizim xristian reallığımız bizim üçün o qədər mühümdür ki, bütün icmamız tariximizi dirçəltməyə və tanıtmağa səy göstərir. II İoann Pavel Bakıya səfərə gələndə biz ona alban xaçımızı hədiyyə etmək istədik və o anın şəkli kəndimizdə, hər kəsin gedib gördüyümüz işlərlə tanış ola biləcəyi xüsusi yerdədir. Bu yer Nicdəki Müqəddəs Yelisey adına Cotari kilsəsinin bağçasında yerləşir”.

Bu gün dünyada təxminən 10.000 Udi yaşayır. Nicdə onların sayı 4 min, Oğuzda isə 100-ə yaxındır, bəziləri də Bakıda yaşayır. Qalanları Rusiyada, Gürcüstanda, Qazaxıstanda (şəhər salınanda ilk udilərin getdiyi Mangistau vilayətinin paytaxtı Aktauda) və Ukraynadadır. Kiçik icmalar Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova, Belarus, Litva, Qırğızıstanda da var, “hamısı Sovet İttifaqının dağılmasından sonra maddi səbəblərdən buradan köçüblər. Bu gün biz əsasən kənd təsərrüfatı ilə məşğul olan canlı xristian icmasıyıq”.

Ötən il Bakıda keçirilən birinci ilahiyyat kursundan sonra ikinci ilahiyyat kursu da Nicdə keçiriləcək. Keşiş təyin olunacaq gələcək ilahiyyatçılarımız burada təhsil alacaqlar. Sonra təcrübə və liturgiyanı öyrənmək üçün onlar da Türkiyənin Mardin şəhərinə gedəcəklər.

https://www.med-or.org/news/sulle-montagne-dellazerbaigian-dove-vive-la-comunit%C3%A0-degli-udi

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti