news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 aprel 2025

Pontifik Qreqorian Universitetində “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda XII beynəlxalq elmi konfrans keçirilib

10 aprel 2025-ci il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə Pontifik Qreqorian Universitetində “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda XII beynəlxalq elmi konfrans keçirilib.

Qafqaz Albaniyasının qədim irsinə həsr olunan konfransın rəsmi hissəsində Səfir İ. Muxtarov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru prof. Kərim Şükürov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili çıxış edib, Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti, kardinal Corc Yakob Kuvakadın, eləcə də Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti, kardinal Klaudio Qucerottinin konfrans iştirakçılarına ünvanladıqları məktublar səsləndirilib.

Səfir İlqar Muxtarov konfransın Azərbaycanda xristianlığın, dini müxtəlifliyin və multikulturalizmin zəngin tarixinin araşdırılmasına həsr olunduğunu bildirərək, Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmizin əsrlərdən bəri müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olduğunu vurğulayıb. Bu baxımdan, belə bir mühüm tədbirin nüfuzlu Qriqorian Pontifik Universitetində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Səfir İ.Muxtarov xristinalığın Azərbaycanın mədəni və mənəvi mənzərəsinin formalaşmasında mühüm rol oynadığını, xristian icmalarının hər birinin özünəməxsus və davamlı şəkildə cəmiyyətin quruluşuna töhfə verdiyini, Azərbaycanın dünyanın ən qədim kilsələrindən biri olan Alban Apostol Kilsəsinin vətəni olduğunu əlavə edib. Səfir eyni zamanda 2002-ci ildə Roma Papası II İohan Pavelin, ardınca isə 2016-cı ildə Papa Fransiskin Azərbaycana apostol səfərləri zamanı Azərbaycanı xristianlığın qədim mərkəzlərindən biri, dini birgəyaşayış, tolerantlıq və dialoqun simvolu kimi, Azərbaycan xalqını isə multikultural dəyərlərə dərin kök salmış bir xalq kimi səciyyələndirdiklərini qeyd edib. Səfir həmçinin, ölkə rəhbərliyi tərəfindən müxtəlif dinlərin mədəni kimliyinin və irsinin qorunub saxlanmasına və təbliğinə daimi qayğı göstərildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti, kardinal Corc Yakob Kuvakadın, eləcə də Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti, kardinal Klaudio Qucerottinin konfrans iştirakçılarına ünvanladıqları məktublarda Azərbaycanın mühüm strateji əhəmiyyətə malik olması ilə yanaşı, həm də multikulturalizmin, dinləlarası dialoqun, dinc birgəyaşayışın simvolu olduğu bildirilib, bu mühüm bəşəri dəyərlərin ölkəmizə səfər edən Papa II İohann Pavel və Papa Fransisk tərəfindən də yüksək qiymətləndirildiyi vurğulanıb.

Rəsmi hissənin ardından beynəlxalq elmi tədbir panel iclasları ilə davam edib. “Azərbaycanın müasir xristian icmaları multikultural perspektivlər”, “Azərbaycan: tarixi coğrafiya və dövlətçilik”, “Azərbaycanda xristianlıq: mənbəşünaslıq və tarixşünaslığa dair”, “Qafqaz Albaniyasının arxeoloji, etnoqrafik, linqvistik və mədəni irsi” mövzularını əhatə edən panel iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinlənilib. Panel iclaslarında iştirak edənlər arasında Azərbaycandakı Katolik Kilsəsinin Apostol Prefekti, yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq katibi, hazırda Maltadakı Müqəddəs Pavel Apostol Kilsəsinin rektoru, Qərbi Avropa üzrə Rus Pravoslav Kilsəsinin Patriarx Eksarxlığı Arximandrit Aleksiy (Aleksey Nikoronov) və erməni əsilli tədqiqatçı, Rusiyada  “Klyuçar” nəşriyyatının redaktoru Filipp Ekozyants yer alıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti