Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın müxtəlif dini icmalarının rəhbərləri ilə birlikdə Vatikana səfərinə dair
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın müxtəlif dini icmalarının rəhbərləri ilə birlikdə Vatikana səfərinə dair Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasındakı dialoq və əməkdaşlıq davamlı şəkildə möhkəmlənir. Bunun bariz nümunəsi kimi, ölkənin aparıcı dini icmalarını təmsil edən yüksək səviyyəli Azərbaycan nümayəndə heyətinin Vatikana son səfəri göstərilə bilər.
Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edib. Heyətin tərkibində Azərbaycandakı Apostol Prefekturasının rəhbəri, yepiskop Vladimir Fekete, Alban-Udi xristian icmasının rəhbəri Robert Mobilı, dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev və səfardi yəhudilərini təmsil edən ravvin Zamir İsayev yer alıblar. Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tac yanında fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov da nümayəndə heyətini müşayiət edib.
2026-cı il fevralın 9-da nümayəndə heyəti Papa XIV Leo tərəfindən qəbul olunub. Görüş zamanı Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və prezident ailəsinin səmimi salamlarını Müqəddəs Ataya çatdırıb. Tərəflər fevralın 4-də Əbu-Dabidə Prezident İlham Əliyevə təqdim edilən Zayed İnsan Qardaşlığı Mükafatının təqdimolunma mərasimini xatırlayıblar. Şeyxülislam Papa XIV Leoya həmin tədbirdə Azərbaycan-Ermənistan sülh prosesinə dəstək ifadə edən xoş sözlərinə görə minnətdarlığını bildirərək, Pontifikin “ən dərin parşalanmaların belə konkret və məqsədyönlü fəaliyyət vasitəsilə aradan qaldırıla biləcəyi” fikrini xüsusi vurğulayıb.
Papa XIV Leo müxtəlif dinlərin nümayəndələrinin bir araya gəlməsini qardaşlıq, dinlərarası dialoq və dinc birgəyaşayışın nümunəsi kimi dəyərləndirib. O, Papa Fransiskin mədəniyyətlər və dinlər arasında körpülər qurmağa yönəlmiş fəaliyyətini xatırladaraq, bu dəyərlərin onun tərəfindən də davam etdiriləcəyini qeyd edib.
2027-ci ilin Azərbaycan–Müqəddəs Taxt-Tac münasibətləri baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib. Həmin il Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyev ilə Müqəddəs Papa II İohann Pavel arasında ilk görüşün 30 illiyi və Papa II İohann Pavelin Azərbaycana ilk apostol səfərinin 25 illiyi tamam olacaq. Həmin tarixi səfərin nəticəsi olaraq Bakı şəhərində ilk katolik kilsəsi inşa edilib. Hazırda paytaxtda ikinci katolik kilsəsinin tikintisi davam edir və 2027-ci ilin Papa XIV Leonun Azərbaycana rəsmi səfəri, eləcə də yeni kilsənin açılış mərasimi üçün münasib tarix olacağı vurğulanıb.
Səfər çərçivəsində nümayəndə heyəti Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Pietro Parolin ilə də görüşərək ikitərəfli münasibətlərdə müşahidə olunan müsbət və əhəmiyyətli inkişafı, eləcə də sülhün, qarşılıqlı anlaşmanın və həmrəyliyin təşviqini müzakirə edib. Kardinal Parolin Azərbaycan-Ermənistan sülh prosesini məmnunluqla qarşıladığını və bu prosesin bütün region üçün mühüm müsbət nəticələr verəcəyini bildirib.
Nümayəndə heyəti eyni zamanda Müqəddəs Taxt-Tacın yüksək vəzifəli rəsmiləri, o cümlədən Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti kardinal Klaudio Qucerotti ilə də fikir mübadiləsi aparıb.