news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 oktyabr 2025

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikana səfər edib

28–31 oktyabr 2025-ci il tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Taca səfər edib. Səfərin əsas məqsədi dinlərarası dialoq və qarşılıqlı anlaşmanın təşviqində mühüm mərhələ hesab olunan, universal qardaşlıq, həmrəylik və sevgi kimi bəşəri dəyərləri təbliğ edən “Nostra Aetate” sənədinin qəbul olunmasının 60-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək olub.

 

28 sentyabr 2025-ci il tarixində Şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın VI Pavel zalında, Vatikanın yüksək vəzifəli şəxsləri, müxtəlif dini icmaların rəhbərləri və Vatikanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri olmaqla ümumilikdə iki min nəfərin iştirakı ilə keçirilmiş mötəbər tədbirdə iştirak edib. Tədbir Dinlərarası Dialoq üzrə Dikasteriyanın və Xristian Birliyinin Təşviqi üzrə Dikasteriyanın tərkibində fəaliyyət göstərən Yəhudilərlə Dini Əlaqələr üzrə Komissiyanın birgə təşkilatçılığı ilə “Ümidlə birlikdə addımlayaq” şüarı altında həyata keçirilib. Tədbirdə Papa XIV Leo çıxış edib və çıxışından sonra dini liderlərlə tək-tək salamlaşıb. 

Tədbir çərçivəsində şeyxülislam Allahşükür Paşazadə eyni zamanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Azərbaycan ilə Vatikan arasında yüksək müstəvidə inkişaf edən əlaqələr vurğulanıb, bu münasibətlərin örnək mahiyyəti qeyd olunub.

 

29 oktyabr 2025-ci il tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb. Görüş Müqəddəs Pyotr Meydanında keçirilən ümumi audiensiyadan sonra baş tutub. Şeyxülislam Allahşükür Paşazadə Roma Papasına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb, Heydər Əliyev Fondunun son illər ərzində Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verib.

 

Səfər çərçivəsində Qafqaz müsəlmanlarının lideri həmçinin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad və Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Vatikan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın tolerantlıq və multikulturalizm siyasətindən bəhs edilib, ölkəmizin dini və mədəni müxtəlifliyi qorumaqla müxtəlif etnik və dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgəyaşayışını təmin etdiyi bildirilib. Heydər Əliyev Fondu ilə Müqəddəs Tax-Tac arasındakı əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu uğurlu əməkdaşlığın mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, dinlərarası dialoqun inkişafına da töhfə verdiyi qeyd olunub. Vurğulanıb ki, həmin layihələr Azərbaycanın, o cümlədən də Heydər Əliyev Fondunun mədəniyyətlərarası və dinlərarası dialoqa konkret və praktik töhfəsini əks etdirir. Həmçinin diqqətə çatdırılıb ki, Qafqaz Müsəlmanları İdarəsi Müsəlman Ağsaqqalları Şurasının və BMT-nin Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə gələn il müxtəlif ölkələrin dini liderlərinin islamdaxili dialoq və islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş konfransını keçirəcək. Şeyxülislam Allahşükür Paşazadə kardinal Kuvakadı və kardinal Qucerottini konfransın iştirakçıları arasında görməkdən məmnun olacağını bildirib.

 

Şeyxülislam Allahşükür Paşazadə səfər çərçivəsində eyni zamanda Azərbaycanın Müqəddəs Taxt-Tacdakı və İtaliyadakı səfirliklərinə baş çəkib, hər iki binada yaradılan şəraitlə tanış olub, öz xeyir-duasını verib. 

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri "Nostra Aetate" sənədinin qəbul olunmasının 60-cı ildönümü münasibətilə “Sant'Egidio” katolik icmasının “Sülhə cəsarət etmək” şüarı ilə təşkil etdiyi və dünyanın müxtəlif ölkələrindən dini liderlərin qatıldığı beynəlxalq tədbirdə də fəxri qonaq qismində iştirak edib və Misirin Əl-Əzhər dini qurumunun böyük imamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib ilə görüşüb. 
 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti