Səfir İlqar Muxtarovun “Giornale Diplomatico” və “Notizie Geopolitiche” onlayn xəbər portallarında yer alan yazısına dair
Azərbaycan tarixinin ən qanlı, lakin eyni zamanda ən şərəfli günlərindən biri 20 Yanvar 1990-cı ilə təsadüf edir. Belə ki, 1980-ci illərin sonunda SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından etnik təmizləməyə məruz qalaraq deportasiya edilməsinə, eləcə də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və keçmiş Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin separatçılıq fəaliyyətinə SSRİ rəhbərlərinin dəstək verməsinə cavab olaraq Azərbaycan xalqı kütləvi etiraz aksiyalarına və milli azadlıq hərəkatına başlamışdır. Azərbaycan xalqının müstəqillik arzusunu güc yolu ilə boğmaq məqsədilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun əmri əsasında 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə 26 minlik Sovet qoşunu Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridilmişdir. Hərbi müdaxilə nəticəsində 150-dən artıq mülki şəxs qətlə yetirilmiş, 800 nəfərə yaxın ağır xəsarət almış, bir çox şəxs isə itkin düşmüşdür. Sözügedən şəxslər arasında Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələri də vardır. Sovet tankları və hərbçilərinin törətdikləri qırğınlara baxmayaraq Azərbaycan xalqının iradəsini qıra bilməmiş, əhali silahsız şəkildə tankların qarşısına çıxaraq müstəqillik uğrunda canlarından keçmiş, ölkəmizin Sovet istilasından xilas olaraq müstəqilliyə qovuşmasının memarlarına çevrilmişlər. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olub. Məhz bu səbəbdən 20 Yanvar hadisələri müasir Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı hesab olunur.
Ümumxalq hərəkatın qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən Sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı qırğınlar törətmişdir. 20 yanvar faciəsi eyni zamanda, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulması deməkdir.
Faciəvi hadisələrdən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pisləmiş və xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü ildə 20 Yanvar gününü - Ümumxalq Hüzn Günü elan edildi.
20 Yanvar şəhidlərinin xatirəsi daim Azərbaycan xalqı və dünya ictimaiyyəti tərəfindən hüznlə anılır və anılmağa davam ediləcəkdir. 20 Yanvar şəhidlərini yad etmək, o cümlədən insanlıq əleyhinə törədilmiş cinayətlər barədə beynəlxalq ictimaiyyəti məlumatlandıraraq bu kimi faciələrə səssiz qalmamaq hər birimizin insanlıq borcudur.
https://www.giornalediplomatico.it/azerbaigian-amb-mukhtarov-commemora-eventi-del-agennaio-neroa.htm