Səfir İ.Muxtarovun “Azərbaycan və Xristianlıq, Yeliseydən Papa Fransiskə qədər” başlıqlı müsahibəsi
Azərbaycan və Xristianlıq, Yeliseydən Papa Fransiskə qədər.
Səfir İlqar Muxtarovla müsahibə
Çoxlarının gözlədiyinin əksinə olaraq, Müqəddəs Taxt-Tacın Qafqazdakı ən mühüm tərəfdaşı regionda kimliyinin və əhalisinin əksəriyyətinin xristian olmadığı yeganə ölkə olan Azərbaycandır.
- Azərbaycan Vatikanın əsas tərəfdaşlarından birinə çevrilməyə necə nail oldu? Onun etnik mənsubiyyətlərin, inancların və mədəniyyətlərin birgəyaşayışını və vəhdətini ehtiva edən sosial modeli Vatikanın diqqətini cəlb etməkdə rol oynadımı?
Əvvəla, vurğulamaq istərdim ki, Azərbaycan Qafqaz Alban Apostol Kilsəsinin beşiyi olub. Xristianlıq qədim zamanlardan ərazilərimizdə kök salıb və bunu Alban mədəniyyəti ilə bağlı çoxsaylı memarlıq nümunələri sübut edir. Haqlı olaraq qeyd etdiyiniz kimi, ölkəmizdə xristianlıq üstünlük təşkil etməsə də, biz həmişə bu dini ənənə ilə vəhdətdə olmuşuq. Xristianlıq bu ərazidə hələ eramızın I əsrində yayılmışdır və Qafqaz Albaniyası həvari Teddeyin şagirdi vaiz Yeliseyin əməyi sayəsində dünyada xristianlığı qəbul edən ilk məkanlardan biri olmuşdur. İsanın həyatından ilham alan Yelisey Qafqazda Şərq ayinli qədim Alban Apostol Kilsəsinin əsasını qoymuşdur. Eramızın I əsrində məhz indiki Azərbaycan ərazisində, Kiş kəndində Qafqazda və Şərqdə bütün xristian kilsələrinin anası hesab olunan Müqəddəs Yeliseyə həsr olunmuş ilk kilsənin təməli qoyulmuşdur.
Sülhün təşviqi, dünya əhəmiyyətli tarixi, mədəni və dini irsin, multikulturalizmin, dini plüralizmin və tolerantlıq dəyərlərinin qorunmasının vacibliyi ilə əlaqəli ortaq maraqlar Müqəddəs Taxt-Tacla müxtəlif sahələrdə, xüsusən siyasi dialoqda, mədəni irsin qorunmasında, elm və təhsildə möhkəm əməkdaşlıq əlaqələrinin qurulmasına səbəb olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il tarixli Sərəncamı ilə Vatikanda ölkəmin Səfirliyi təsis edildikdən sonra Müqəddəs Taxt-Tacla əvvəl də mükəmməl olan əlaqələrə yeni təkan verilmiş oldu.
Prezident Heydər Əliyevin və Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca, o cümlədən Roma Papası II İohann Pavelin və Roma Papası Fransiskin, bu yaxınlarda isə dövlət katibi Kardinal Pietro Parolin, Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katib, Monsenyor Pol Riçard Qallagerin Azərbaycana səfərləri, eləcə də hər iki ölkənin nümayəndələrinin yüksək səviyyəli beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakı ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə vermişdir. Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində yaşadığı məkan olmuş, ölkədə güclü dini tolerantlıq ənənələri formalaşmışdır. Biz bütün dünyada birgəyaşayış, tolerantlıq, qarşılıqlı hörmət və multikulturalizm ideallarını təbliğ edirik. Şübhəsiz ki, Azərbaycanın bütün əsas dinlərin dinc yanaşı yaşadığı və bütün dindarlar üçün bərabər hüquqların təmin edildiyi multikultural bir ölkə olması Vatikanla yüksək səviyyəli münasibətlərin yaradılmasına öz töhfəsini verir.
- Katolik Kilsəsinin incəsənət və memarlıq irsinin qorunub saxlanması və bərpası işində illərdir öndə gedən Heydər Əliyev Fondunun fəaliyyətini işıqlandırmadan Azərbaycan-Vatikan tərəfdaşlığından danışmaq olmaz. Ötən ilin sentyabr ayında bağlanmış ən son sazişlərdən biri Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Pavel Bazilikasındakı mərmər örtüklərinin təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutur. Heydər Əliyev Fondunun min illik katolik irsinin qorunmasına verdiyi ən mühüm töhfələri sadalaya bilərsinizmi?
Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu həm Azərbaycan mədəniyyətinin dünyada yayılmasında, həm də bu illər ərzində onun dəstəyi ilə bərpa olunan xristian ənənəsinin bütün incəsənət və mədəniyyət nümunələri daxil olmaqla, dünya irsi hesab etdiyi bütün sərvətlərin qorunmasında əvəzsiz rol oynayır. Bunlara Romanın Müqəddəs Marçellino və Pietro katakombalarının bərpası, Vatikan Muzeylərinin bir hissəsi olan Pio Klementino Muzeyindəki Zevsin heykəli və Vatikan Muzeylərinin Sikstin zalının qədim kabinetləri kimi mühüm sənət nümunələrinin restavrasiyası, Müqəddəs Pyotr Bazilikasının nekropolu və 1640-1653-cü illərdə italyan heykəltaraş Alessandro Alqardi tərəfindən yaradılmış, "Papa Böyük Leo və Atilla arasında görüş" qurbangahının, habelə Müqəddəs Kommodilla katakombalarının bərpası və ən son, 2025-ci il Yubiley zəvvarlarının təhlükəsiz şəkildə ziyarətini təmin etmək məqsədilə mühüm müqəddəs abidə olan Müqəddəs Pavel Bazilikasında aparılan işlər daxildir.
- 2024-cü il Roma Papası Fransiskin “xarici işlər naziri” Monsenyor Pol Qallagerin Azərbaycana səfəri ilə başa çatıb. Gündəlikdəki digər fəaliyyətlərlə yanaşı, Qallager Bakıda tikiləcək, iyirminci əsrin ən nüfuzlu papası II İohann Pavelə həsr olunmuş kilsənin təməl daşının qoyulmasında iştirak edib. Azərbaycanda katolik icması nə qədər geniş və sosial və mədəni baxımdan fəaldır? Mümkünsə, bir məqam maraqlıdır, kilsə niyə II İohann Pavelə həsr olunacaq?
Ölkəmizdə katoliklərin dəqiq sayını müəyyən etmək çətindir. Bu, Katolik Kilsəsi ilə sıx bağlı olan icmadır, İncildə deyildiyi kimi, kiçik bir "toplumdur". Sabiq Prezident, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğı göstərdiyi icma bu gün də inkişaf edərək genişlənir. Katoliklərin əksəriyyəti çoxmillətli ailələrdə doğulmuş Azərbaycan vətəndaşları və ya sayı getdikcə artmaqda olan, beynəlxalq şirkətlərdə çalışan əcnəbilərdir. Fəal xeyriyyə təşkilatları arasında “Məryəm Mərkəzi” Xeyriyyə Tədris Mərkəzini və Tereza ananın xeyriyyə fondunun missionerlərini xatırlatmaq olar.
Katolik icması ölkənin dini və mədəni həyatına fəal töhfə verir. Azərbaycan kimi multikultural kontekstdə dini bayramlar müsəlman, xristian və yəhudi icmaları arasında birlikdə qeyd olunur, bu isə inteqrasiyanı təşviq edir və müxtəlif adət-ənənələr haqqında fərqindəliyi artırır. Dövlət tərəfindən də konkret dəstək təmin olunur: hər il Prezidentin ehtiyat fondundan əsas dini icmalara, o cümlədən Katolik Kilsəsinin Apostol Prefekturasına vəsait ayrılır.
Bu dəstək Bakıda II İohann Pavelin 2002-ci ildə səfəri münasibətilə layihəsinə başlanılmış “Bakirə Məryəmin Məsum Hamiləliyi” kilsəsinin ardınca yeni kilsənin tikintisi ilə bağlı qərarda da öz əksini tapır. Yeni kilsə isə Azərbaycana ilk səfərinin əhəmiyyətini və ölkələrimiz arasında əlaqələrin inkişafındakı rolunu nəzərə alaraq II İohann Pavelə həsr olunacaq.
- 2025-ci il birinci Qarabağ müharibəsinin ən qaranlıq və ən qanlı səhifələrindən biri olan Xocalı qətliamının 33-cü ildönümüdür. Azərbaycan hökuməti ərazinin yenidən məskunlaşdırılması üçün bütün səyləri dəstəkləyir, baxmayaraq ki, hələ çox şey bərpa olunmalıdır. Bu anım gününün Azərbaycan üçün əhəmiyyətini təsvir edə bilərsinizmi? Azərbaycan və Müqəddəs Taxt-Tac regionda birgə humanitar fəaliyyətlər və ya bu ildönümünün anımını planlaşdırır?
Doğru qeyd etdiyiniz kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər birinci Qarabağ müharibəsinin ən ağrılı və qanlı anlarından biridir. Xocalıda bir gecədə qadınlar və uşaqlar olmaqla, 613 dinc sakin yeganə günahı azərbaycanlı olduğu üçün öldürülmüşdür. 1275 nəfər girov götürülmüşdür. Hadisələri törədənlər arasında Ermənistan və Qarabağın silahlı hərbi xuntasında yüksək vəzifə tutanlar, o cümlədən Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan, Ermənistanın keçmiş müdafiə nazirinin müavini general Arkadi Ter-Tadevosyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, Bako Saakyan, Vitali Balasanyan və başqaları olub. Dövrün beynəlxalq mətbuatı Xocalı hadisələrini ağrılı sözlərlə təsvir etmişdir, məsələn Britaniyanın qəzeti “The Independent” – “Məscid və qəbiristanlıq kifayət qədər ağır idi, lakin bundan da dəhşətlisi yaralıların olduğu dəmiryol vaqonları idi” və ya “Times” qəzeti – “Öldürülənlərin hamısı kasıb geyimli sadə insanlar idi” – bildirmişdir. Azərbaycan törədilmiş cinayətlərin tanınmasını tələb etməkdən yorulmur və buna bir çox ölkədə nail olmuşdur. Bu xüsusda Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası ilə apardığı maarifləndirmə işi çox səmərəlidir.
Birinci Qarabağ müharibəsi zamanı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış və minalarla basdırmışdır. Münaqişə zamanı itkin düşən 4 min azərbaycanlının taleyi naməlum olaraq qalır. Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Bu gün Qarabağ müharibəsini arxada qoysaq da, otuz ilə yaxın hərbi işğal altında qalan bütün ərazilərimizi işğaldan azad etsək də, bəşəriyyətə qarşı cinayət kimi müəyyən edilən və bir çox dövlətlər tərəfindən soyqırım aktı kimi tanınan bu amansız hadisənin bizə yaşatdığı ağrıları unuda bilmərik. Bu xüsusda, keçmiş Qarabağ separatçılarına qarşı davam edən məhkəmə prosesləri məsuliyyətin müəyyən olunması istiqamətində uzun zaman gözlədiyimiz bir addım kimi dəyərləndirilə bilər. Hər il Azərbaycanda və dünyada şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir, məqalələr, şahidlərin xatirələri dərc olunur ki, baş verənlər unudulmasın və bir daha təkrarlanmasın. Biz də illərdir ki, Xocalı qurbanlarına hərs olunan müqəddəs ayinlər, liturgik və simfonik konsertlər təşkil edirik.
Nəhayət 2024-cü ildə Xocalıdan olan qaçqınlar ilk dəfə öz şəhərlərinə qayıda bildilər və bu barışıq yolunda fundamental addımdır, çünki barışıq mütləq şəkildə həmçinin ədalətin bərpa olunmasından keçir.
- Ermənistanla Azərbaycan arasında sülh hökm sürür. İki hökumət bir çox başqa məsələlərin həlli üzərində işləsə də, Qarabağ məsələsi həll olunmuş kimi görünür. Gələcəkdə Vatikanın Azərbaycanla olan əla münasibətləri və Ermənistanla yaxınlığını nəzərə alsaq, Pontifikin regionda sabitliyin qorunmasına, dövlətlərarası və universal dialoqa töhfə verə biləcəyinə inanırsınızmı?
Biz əminik ki, regionda davamlı sülh getdikcə daha da yaxınlaşır və bu, bütün iştirakçı xalqlar üçün rifah və sabitlik kimi yeni perspektivlər vəd edə bilər. Şübhəsiz ki, Pontifik balanslı mövqeyi, müdrikliyi və dünyada baş verən hadisələrə tətbiq etdiyi qayğılı yanaşması sayəsində dialoqun gücləndirilməsində əvəzsiz rol oynaya bilər. Azərbaycan tərəfi dəfələrlə regionda sülh və sabitliyə nail olmaq istəyini bəyan edib və Vatikanın bu prosesin təşviqinə verdiyi hər hansı töhfəni həmişə dərindən qiymətləndiriləcəyini və alqışlanacağını vurğulayıb. Dini liderlər öz çağırışları ilə davamlı sülhün bərqərar olmasını təşviq etməli olsalar da, təəssüf ki, daxili qarşıdurmalar ucbatından erməni kilsəsi bu prosesdə dağıdıcı rol oynayır və revanşizmi alovlandırır. Bu baxımdan Azərbaycan və Ermənistanın dini liderlərinin Vatikanda görüşü müsbət ab-hava yarada, iki xalq arasında barışıq prosesinə töhfə verə bilər.
Son olaraq, ölkəmə göstərilən marağa və bir çox mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı mövqeyimi bildirmək imkanı verdiyinizə görə hörmətli redaksiya heyətinə təşəkkür edirəm