Mətbuat şərhi 26 fevral 2024

Səfir İ.Muxtarovun “Faro di Roma” italyan katolik informasiya portalında yer alan məqaləsi:

26 fevral tarixində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilən qətliamın ildönümü qeyd olunur. Xocalıda yüzlərlə silahsız azərbaycanlı mülki şəxs Ermənistan ordusu tərəfindən qətlə yetirilmişdir. 1992-ci ildə baş verən bu hadisə "Human Rights Watch"-un fikrincə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin “ən böyük və ən dəhşətli qətliamı” olmuşdur. Azərbaycan hakimiyyətinin verdiyi rəsmi məlumata görə, 613 mülki şəxs, o cümlədən 106 qadın və 83 uşaq həyatını itirmişdir.

Azərbaycan bu qətliamın beynəlxalq aləmdə tanınmasını xarici siyasətinin mühüm tərkib hissəsi hesab edir, Hökumət bunu soyqırım kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmaqla bağlı səylərini davam etdirir.

Son illərdə Meksikadan Pakistana qədər bir çox ölkənin parlamentləri bu hadisəni soyqırım kimi tanımışdır. Müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş o dəhşətli qanlı hadisəni öz yazısı vasitəsilə təhlil edən və yad edən Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı Səfirinin fikirlərinə yer verə bilmək "Faro di Roma" üçün böyük əhəmiyyət kəsb edir.

“Mən ömrüm boyu Azərbaycanın Qarabağ bölgəsindən çoxlu azərbaycanlı köçkün tanımışam. Mənim ölkəmdə qaçqın və məcburi köçkünlərin sayı bir milyona yaxındır, bu da əhalinin ümumi sayına münasibətdə o qədər çoxdur ki, dostlar, ailələr və həmkarlar arasında onlardan birinin olmaması mümkün deyil. Onların hekayələri həmişə ağrı, ayrılıq və itki dolu hekayələrdir. Onların hekayəsi bütün Azərbaycan xalqının hekayəsidir. Ağrı-acının dərəcəsi ilə bağlı bir sıralama yaratmaq mümkün deyil, amma şübhəsiz ki, Xocalı qətliamının qurbanlarınin, habelə bu qətliamdan sağ çıxanların bizi ərazi bütövlüyümüzün bərpasına aparan yolda əhəmiyyətli rolu var.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, Xocalı şəhərini mühasirəyə alıb, dinc əhaliyə hücum etmişdir. 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilmişdir. Bölgədə yeganə hava limanı olan şəhər, Qarabağın tərkibində strateji əhəmiyyətə malik olan Xocalı mühasirəyə alınaraq xarabalığa çevrilmiş, onun sakinlərinin yeganə günahı isə azərbaycanlı olmaları olmuşdur.

Xocalı şəhərində törədilmiş cinayətlərin mahiyyəti və miqyası, bu aktın BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 saylı qərarı ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə edilmiş soyqırımı termininin tərifinə tam uyğun gəldiyini göstərir. Bu, həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək məqsədi ilə törədilmiş amansız və qəsdən törədilmiş kütləvi qırğındır. Qaçmağa cəhd edənlərə də aman verilməmiş, onlar şaxta və ya daha da dəhşətlisi, erməni əsgərlərinin pusquları nəticəsində öldürülmüşlər.

Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, “bütün bunların əsl soyqırım aktı kimi tanınmasına nail olmaq Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.

Xocalı soyqırımını törədənlər ötən ilin sentyabrında torpaqlar tamamilə azad edilənə qədər Qarabağın hərbi-silahlı xuntasında yüksək vəzifə tutanlar sırasında olublar. Məhz cinayətlərin etiraf edilməsinin barışıq üçün əsas amil olduğunu nəzərə alaraq, cinayətkarların Haaqa Beynəlxalq Cinayət Məhkəməsi  qarşısında öz əməllərinə görə cavab vermələri vacibdir və ümid edirəm ki, bu, gec-tez baş verəcək. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan, Ermənistanın keçmiş müdafiə nazirinin müavini general Arkadi Ter-Tadevosyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, Bako Saakyan, Vitali Balasyan və başqaları Xocalı soyqırımına görə məsuliyyət daşıyan hərbi qüvvələrə komandanlıq etmiş, onları təşkil etmiş, yüzlərlə insanın ölümünə əmr vermiş və bu qırğında birbaşa iştirak etmişlər. Tomas de Vaalın Xocalı hadisələri ilə bağlı sualını cavablandıran Serj Sarkisyan demişdir: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu stereotipə son qoyduq...”

Dövrün beynəlxalq mətbuatı Xocalıda baş verənləri ağrı-acı dolu sözlərlə qələmə almışdır. “Newsweek” Azərbaycan-ın qəbiristanlığa çevrildiyini qeyd etmişdir. Bir çox ölkələr Xocalı hadisələrini soyqırım aktı kimi tanımışdır. Bu gün biz Cənubi Qafqazda yeni balansla qarşı-qarşıyayıq, keçmişin səhifəsini çevirmişik və regionda birgəyaşayış və inkişafa yol açan sülh müqaviləsini imzalamağa hazırıq.

Xocalı nəhayət azaddır, lakin qurbanların xatirəsi bizi əbədi olaraq müşayiət edəcək və yalnız sağ qalanların və onların varislərinin evlərinə qayıtmasını təmin etməklə və 1992-ci il 26 fevral vəhşiliklərini törədənlərin məsuliyyətə cəlb olunması ilə, azacıq da olsa rahatlıq tapa biləcəyik.”

https://www.farodiroma.it/khojaly-nelle-parole-dellambasciatore-azero-ilgar-mukhtarov-carlo-marino/     

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti