news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2024

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı mətbautda yer alan məlumatlar

Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar məlumat yayıb.

 

12 dekabr tarixində  Azərbaycan öz tarixinin yönverən şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünü dərin hüzün və minnətdarlıq hissi ilə yad edir. Vəfatından 21 il ötsə də, onun müdrik rəhbərliyinin xatirəsi Azərbaycan xalqını birləşdirməyə davam edir. Onun güclü dövlət idarəçiliyi ənənəsinə və azərbaycançılıq məfkurəsinə əsaslanan irsi tarixi və mədəniyyəti ilə fəxr edən güclü, firavan və müstəqil xalq ərsəyə gətirmişdir. Danılmaz müdrikliyə sahib bir şəxsiyyət olan Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmuşdur. Onun uzaqgörən siyasəti, qətiyyəti, müdrikliyi və hər şeydən əvvəl praqmatik xarici siyasəti sovetlərin dağılmasından sonra ölkənin küllərindən ayağa qalxmasına və beynəlxalq aləmdə möhkəmlənməsinə imkan yaratmış, bu gün bütün postsovet məkanı və ümumilikdə region üçün istinad nöqtəsi olmaqla öyünən bir ölkə formalaşdırmışdır. O, sadə bir siyasi liderdən daha artığı olmuşdur. O, xalqının memarı olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan öz institutlarını möhkəmləndirmiş, iqtisadi və sosial inkişaf üçün zəruri olan siyasi sabitliyi təmin etmişdir. Heydər Əliyev iddialı iqtisadi islahatlar proqramının təşəbbüskarı olmuşdur ki, bu da Azərbaycanı resurslarla zəngin və dinamik iqtisadiyyata malik ölkəyə çevirmişdir. Hər zaman təhsil və incəsənət sahələrinə böyük önəm verən Heydər Əliyev eyni zamanda minlərlə azərbaycanlı gəncin Avropa, Amerika və dünyanın bir çox ölkəsinin nüfuzlu universitetlərində dövlət hesabına təhsil almasına imkan yaradan dövlət proqramının da təşəbbüskarıdır.

Hazırda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ümummilli Liderin adını daşıyan, onun təhsil, incəsənət və mədəniyyətlə bağlı humanitar ideyalarının həyata keçirilməsinə dəstək verən Heydər Əliyev Fondu Avropa və Latın Amerikası ölkələrində çoxsaylı dini və tarixi əhəmiyyətli abidələrin bərpasında və digər mühüm humanitar fəaliyyətlərdə iştirak edir. Buna misal olaraq Vatikanda dahi Alessandro Alqardinin müəllifi olduğu Müqəddəs Pyotr Bazilikasındakı Atilla və Müqəddəs Birinci Leonun görüşünü əks etdirən qurbangah, həmin Bazilikanın nekropolundakı Mavzoley, Müqəddəs Marçellino və Pyetro katakombaları, Müqəddəs Sebastyan kilsə-muzey kompleksinin katakombaları və freskaları, Vatikan Muzeylərindəki Zevsin heykəli kimi bərpa layihələrini, habelə Apostol Kitabxanasındakı əlyazmaların bərpası və rəqəmsallaşdırılması, Sikstin kapellasındakı qədim rəflərin və Romadakı eyniadlı parkda yerləşən Commodilla katakombalarının restavrasiya işlərini göstərmək olar. Bu il Fond həmçinin növbəti Yubiley ili ərəfəsində Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyi və konservasiyası üçün Vatikan Şəhərinin Dövlət Qubernatorluğu ilə imzaladığı Sazişlə Müqəddəs Taxt-Tacın irsinin qorunması üzrə səylərini bir daha təsdiqləmiş oldu.

Azərbaycanın xristian irsinin qorunmasına verdiyi töhfə həm də ölkənin dini abidələrə münasibətdə bəslədiyi hörmətin və Heydər Əliyevin özünün çox bağlı olduğu multikulturalizm dəyərlərinə sadiqliyinin təsdiqidir. Bir çox millətlərin və dinlərin nümayəndələrinin mehriban yaşadığı Azərbaycan dünya mədəni irsinin qorunub saxlanmasına öz töhfəsini verir.

1997-ci ildə Ümummilli Liderin Vatikana səfəri və Papa həzrətləri ilə görüşü Azərbaycan-Vatikan münasibətlərində yeni mərhələnin əsasını qoymuşdur.

Heydər Əliyev və onun həyatı haqqında uzun-uzadı danışmaq olar, lakin onun ən böyük irsi xalqının əmin-amanlığı və rifahı, ölkəsinin fasiləsiz inkişafıdır.

 

https://www.giornalediplomatico.it/azerbaigian-21-anni-da-scomparsa-del-leader-nazionale-heydar-aliyev.htm

https://agenparl.eu/2024/12/11/21-anni-dalla-scomparsa-del-leader-nazionale-heydar-aliyev/

https://www.farodiroma.it/lazerbaigian-celebra-oggi-il-padre-della-nazione/?utm_source=rss&utm_medium=rss&utm_campaign=lazerbaigian-celebra-oggi-il-padre-della-nazione

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti