news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 iyul 2024

Xristianlığın köklərində. Azərbaycanda Alban Apostol Kilsəsinin izində. Qədim Qafqaz Albaniyasına səyahət.

L’Osservatore Romano

24.07.2024                                                                                           

 

Xristianlığın köklərində. Azərbaycanda Alban Apostol Kilsəsinin izində. Qədim Qafqaz Albaniyasına səyahət.

            Qafqazda Alban Apostol Kilsəsinin yaranması eramızın IV-cü əsrinə təsadüf edir. Balkan Albaniyası ilə qarışdırmayaq, qədim Qafqaz Albaniyası şimalda dağlardan cənubda Araz çayına, şərqdə Xəzər dənizindən qərbdə Gürcüstan (o zaman İberiya) sərhədlərinə qədər uzanırdı. Bu gün onun ərazisi udi icması sayəsində hazırda da yaşayan bu qədim Kilsənin izlərini aşkarlamaq üçün üç min kilometrə yaxın uzun bir məsafə qət etdiyimiz Azərbaycan ərazisinə uyğundur. Qafqaz Albaniyası dünyada həvari Faddeyin şagirdi vaiz Yeliseyin yaydığı xristian dinini qəbul edən ilk ölkələrdən biri olmuşdur. Qüdsün ilk patriarxı Müqəddəs Yaqub tərəfindən Qafqaza göndərilən Yelisey, onun öz sözləri ilə desək, Faddeyin ona nəql etdiyi kimi, İsanın həyatından ilhamlanaraq, Qafqazda Şərq ayinli qədim Alban Apostol Kilsəsinin toxumlarını səpmişdir.

            Yeliseyin səyahəti uzun sürmüşdür. O, Qüdsdən yola çıxmış, bir neçə ölkə keçərək, bir çox dillər və tayfaların töhfəsi ilə çoxəsrlik tarix formalaşdıran və plüralist, multietnik və multikultural kimlik ərsəyə gətirən bir diyar olan Şəki rayonundakı Kiş kəndinə çataraq, burada Qafqaz Albaniyasının ilk kilsəsini qurmuşdur. Yazılı mənbələr və maddi mədəniyyət nümunələri I əsrdən başlayaraq burada, dominant etnik qrup albanlar olmaqla, iyirmi altı tayfadan ibarət böyük bir mozaikanın mövcud olduğunu sübut edir: bunlara gellər, leqlər, udilər (albanların birbaşa varisi hesab olunurlar), qarqarlar, çilblər, silvlər, lupenlər, sovdelər və kaspilər daxildir. Müxtəlif mədəniyyətlərə və dinlərə malik icmalara ev sahibliyi etməsi bilinsə də, Azərbaycanın indi süqut etmiş hesab edilməsinə baxmayaraq, Kilsəsinin və icmasının hələ də var olduğu Qafqaz Albaniyası adı ilə tanınan böyük bir krallığın qəlbində anadan olan Şərq ayinli Alban Apostol Kilsəsinin beşiyi olduğu az məlumdur.

            1937-ci ildə gürcü dilçisi İliya Abuladze erməni əlyazmasını (Matenadaran MS, 7117) araşdırarkən bir sıra qeyri-adi əlifbalar aşkar edənə qədər  bu sivilizasiya və bu kilsənin mövcudluğu uzun müddət məlum olmamışdır. 1947-ci ildə Azərbaycanın Mingəçevir şəhərində böyük bəndin tikintisi zamanı erməni əlyazmasında tapılanlarla eyni olan yeni yazılar aşkar edilmişdir. Bir neçə il sonra, 1952-ci ildə, əvvəlkilərlə eyni əlifbadan ibarət yeni bir əlyazma tapılmışdır. Daha sonra, Misirin Sinay dağındakı Müqəddəs Yekaterina monastırında, 1975-ci ilin mayında bir sıra yeri məhv edən yanğından sonra çökmüş döşəmənin altında salamat qalan bir yer ortaya çıxmışdır.

Orada XVIII əsrdən bəri 140-ı gürcü mənşəli olmaqla, 1100 əlyazma saxlanılırdı. Bunlardan ikisi həlledici rolu ilə fərqlənirdi: N Sina 13 və 55, perqament üzərində yazılmış kodekslər. X əsrə aid olan iki əlyazma bütövlükdə hər birində sözlər arasında boşluq qoyulmadan iki sütunda düzülmüş alban dilində mətndən ibarət palimpsestlər idi (əsl mətnin yenisi ilə əvəz olunması üçün istifadə olunan material). İki palimpsestin yazısını Matenadaran əlifbası MS, 7117 və Azərbaycanda 1947 və 1952-ci illərdə aşkarlanmış qəbir daşı yazıları ilə müqayisə etdikdən sonra alman alimləri Jost Gippert və Volfgang Schulze belə qənaətə gəlmişdirlər ki, iki gürcü əlyazması N Sina 13 və 55 alban dilində tərtib olunmuş və günümüzə gəlib çatmamış bir əlyazmanın bir hissəsi idi. Lakin, hər şeydən əvvəl, Sinay palimpsestləri albanların liturgik dili ilə udilərin müasir dili arasında davamlılığı sübut edirdi.

Bu tapıntılar əsasında Qafqaz Albaniyasında ilk kilsələrin I əsrə aid olduğunu iddia edən orta əsr yazılı mənbələrinin haqlı olduğunu söyləmək olar. Bu xüsusda Musa Kalankatuklunun (VII əsr) “Albaniya tarixi” kitabında yazdığı fikirlər əvəzsizdir: “Qüdsdə Yelisey İsanın qardaşı, Yerusəlimin birinci patriarxı olan Müqəddəs Yaqub tərəfindən təyin edilmişdir. Yelisey Şərqi bir hədiyyə olaraq qəbul etmişdir. Azərbaycanın şimalında yerləşən Quis (Kiş) kəndinə gəlib, burada kilsə təsis etmiş, qurban kəsmişdir. Bu yer kilsələrimizin ilkin mənbəyi, qədim paytaxtların əsası və əzəmət məkanının başlanğıcıdır”. Lakin yalnız IV əsrin ortalarında (313-cü ildə Milan Fərmanından sonra) Alban kralları rəsmi olaraq xristianlığı qəbul etmiş və Qafqaz Albaniyasının ilk paytaxtı olan Qəbələdə yerli pul zərb etməyə başlamışdırlar. Bu, IV əsrdən VII əsrə qədər davam edən xristian memarlığının inkişafının ikinci mərhələsinin başlanğıcı idi. Beləliklə, xristianlıq çoxtayfalı Alban dövlətinin birləşməsində mühüm amilə çevrilmişdir. Qədim inanclara aid abidələrin yerləşdiyi məkanlar bazilikaların və kilsələrin tikintisi üçün bünövrə rolunu oynamışdır. XII əsrdə isə Alban kilsəsi intibah dövrünü yaşamışdır. Bu dövrdə yeni kilsələr tikilmiş, ən qədimləri bərpa edilmiş, yeni memarlıq nümunələri yaradılmışdır. Buna misal olaraq 1204-cü ildə tikilmiş və Kəlbəcər rayonunda yerləşən Xatirəvəng monastırını, eləcə də 1214-cü ildə inşa edilmiş, UNESCO tərəfindən ümumdünya əhəmiyyətli abidə kimi qeydə alınmış, Kəlbəcər rayonunda, yüksəklikdə yerləşən, knyaz Vaxtanqın həyat yoldaşı Arzu xatun kafedralının bünövrəsi üzərində bir neçə əsrlər boyu inkişaf etmiş Xudavəng monastırını göstərmək olar. Daha sonra Ağdərə rayonunda yerləşən Gəncəsər monastırı: əsası 1216-cı ildə qoyulmuş, onun epiqraflarından birində “Alban patriarxının göstərişi ilə  albanlar üçün tikilmişdir” yazılmışdır. Çar I Nikolayın Alban kilsəsini ləğv edib Erməni Qriqorian Kilsəsinə tabe etmək qərarına gəldiyi 1836-cı ilə qədər müstəqil qalan Alban knyazlığının mənəvi mərkəzi olan monastırdır.

Lakin 1828-ci ildə Osmanlı və Fars imperiyalarından gələn ermənilərin Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinə köçürülməsini nəzərdə tutan Türkmənçay müqaviləsinin imzalanması ilə artıq yavaş-yavaş alban kilsəsinin tənəzzülü baş verdi. Bundan sonra Qafqaz Albaniyasının irsinin qreqorianlaşdırılması prosesi başladı. Lakin 1918-1919-cu illərdə Qarabağda apardığı arxeoloji ekspedisiya zamanı Sovet Ermənistanı Elmlər Akademiyasının prezidenti, şərqşünas Cozef Orbeli Qarabağın kilsə və monastırlarının, xüsusən də Gəncəsərin divarlarında həkk olunmuş mindən çox epiqrafı tədqiq və təsvir etmişdir. Erməni arxeoloqu “Gəncəsar və Havotsptuk kitabələri” kitabında dərc etdirdiyi tədqiqatın nəticələrinə əsasən belə nəticəyə gəlmişdir ki, mədəni memarlıq irsi ümumdünya irsinin, xüsusən də xristian irsinin ayrılmaz hissəsi olan Qafqaz Alban Kilsəsinin irsidir. Azərbaycana səfər onu daha yaxından tanımaq üçün sadəcə başlanğıcdır.

 

https://www.osservatoreromano.va/it/news/2024-07/quo-167/alle-radici-del-cristianesimo.html

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti