news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 iyul 2024

Xudavəng, Gəncəsər və Xatirəvəngdə Buludların arasında monastırlar

L’Osservatore Romano                                                                         

24.07.2024                                                                                                   

 

 

Xudavəng, Gəncəsər və Xatirəvəngdə

Buludların arasında monastırlar

 

Azərbaycana səfərimiz zamanı biz ölkənin üç böyük regionundan keçdik: Qəbələ, Şəki və Qarabağ. Onların hər biri qədim Alban Apostol Kilsəsinin zəngin mövcudluğu ilə səciyyələnir. Alban xristian icmasının birbaşa varisləri olan xristian udi icmasının yaşadığı, Bakıdan sonra ilk dayanacağımız olan Nicdə üç kilsə var: Bulun (Udi dilində “böyük, əsas” mənasını verir) adlanan və kafedral olan Müqəddəs Bakirə Məryəm kilsəsi, onun yaxınlığında yaşayan və bərpasında iştirak edən ailənin adını daşıyan Müqəddəs Yelisey adına Cotari kilsəsi,  və bərpaya ehtiyacı olan, kəndin böyük məktəb kompleksinin yanında yerləşən Müqəddəs Yelisey adına Silin kilsəsi (udi dilində "aşağı" "qonşu" mənasını verir).

Müqəddəs Yelisey adına Cotari kilsəsi 1723-1726-cı illər arasında yerli mesenat Engibar Çotarinin səxavətli ianəsi sayəsində tikilmişdir. Bu gün Cotari kilsəsində udilər Şərqi pravoslav kanonlarına uyğun olaraq liturgiyalararını yerinə yetirir, vəftiz edir və dini bayramlarını qeyd edirlər. Müqəddəs Bakirə Məryəm Kafedralı XIII əsrə aiddir və eramızın IV - V əsrlərinə aid qədim ibadət yerinin yanında tikilmişdir. 1890 və 2020-ci illərdə iki zəlzələ yaşamışdır. Daxili çox sadədir, üç neflidir. Hədiyyə kimi saxlanılanlardan başqa heç bir freskası və ya ikonası yoxdur. İkonostaz formasında olan və böyük qırmızı pərdə ilə qorunan qurbangahın qarşısında Udi dilində "Afiri" adlanan "Atamız" duasının mətnini görürük. Bu gün kafedralına Alan keşikçilik edir, Sevan isə Müqəddəs Yelisey adına Cotari kilsəsinin keşiyində durur.

Nicdən otuz kilometr aralıda olan Oğuza yola düşürük. İstiqamət şərqdən qərbədir. Oğuzda yüzə yaxın udi icmasının nümayəndəsi və on iki yəhudi ailəsi yaşayır. “Keçmişdə burada çoxlu yəhudi var idi və hamısı bazarın yaxınlığında yaşayırdılar. Bizdə bərpa olunmağı gözləyən bir sıra kilsələr və iki sinaqoq var”, yerli xristian udi icmasının rəhbəri Svetlana bizə deyir: “Ümumilikdə biz on altı ailəyik, lakin 1988-ci ilə qədər burada 476 ailə var idi”. Oğuzda biz divarla qorunan bağ ilə əhatə olunmuş kiçik bir alban kilsəsini ziyarət edirik. Bura sadə, spirituallıqla dolu bir yerdir. Birdən bir ailə buraya şam yandırmaq üçün gəlir. “Biz bu kilsəni bərpa etmək və burada liturgiyamızı keçirmək istəyirik. Bu gün biz ibadət üçün Nic-ə getməliyik. Oğuzda bunun kimi kiçik kilsələrimiz çoxdur və biz öz torpağımızla çox fəxr edirik”, - Svetlana deyir. Onun tezliklə Xudavəng və Gəncəsər monastırlarını ziyarət etmək arzusunu qəlbimizə həkk edərək onunla sağollaşırıq.

Şəki rayonundakı Kişə gedən yolda bizi işıqlı günəş müşayiət edir. Burada biz Qafqazdakı bütün alban kilsələrinin anası hesab olunan, Müqəddəs Yeliseyə həsr olunmuş qədim kilsəni ziyarət edirik. Hazırda içində muzey də təsis olunmuş kilsənin həyətinin giriş qapısında direktor Əli Səmədovla qarşılaşırıq. O bizi Şəki Elmlər Akademiyasının etnoqrafiya bölməsinə rəhbərlik edən elmi işçi Rahim Həsənova tapşırır. O, öz ölkəsinin tarixini mükəmməl bilir və bizə başqa məlumatlarla yanaşı bildirir ki, Azərbaycanda çoxlu Nəqşibəndi sufiləri var. Sonra İrandan və Türkiyədən bu torpaqlara çox sayda erməni gətirildiyi və bu köçün bütün ərazinin simasını dəyişəcəyi qorxusunu xatırlayır. Həsənov bizə məlumat verir ki, “Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı aktlarda görünür ki, 1821-ci ildə pravoslav keşiş Çiçikov çar tərəfdən təyin olunmuş Qafqaz canişini Aleksey Yermolova məktub yazaraq bildirir ki, Oğuz kəndində olan udilər bura köçürülən erməni əhali tərəfindən zorla qriqorianlaşdırılır”. Rahim bizə başqa bir faktı da təqdim edir: "1852-ci ildə “Qafqaz” qəzetində  rus tədqiqatçısının udilərlə bağlı məqaləsi dərc olunub". O, əlavə edir ki, “köhnə bazarda daha bir alban kilsəsi yerləşir ki, bu kilsə I Nikolayın istəyi ilə keçirilən sinoddan sonra ermənilərə verilmişdir. Bu gün bu kilsə şəxsi mülkiyyətdir”.

Amma Alban kilsəsi öz intibahını məhz Xudavəng (1214, Kəlbəcər rayonu), Gəncəsər (1216-1238, Ağdərə rayonu), Xatirəvəng (1204, Kəlbəcər rayonu) və başqa monastır kompleksləri ilə  yaşamışdır. Azərbaycanda alban memarlığı üzrə ən mühüm ekspertlərdən biri, professor David Axundovun tələbəsi, professor Səbinə Hacıyevanın müşayiəti ilə səyahətimizin son hissəsində istiqamətimiz məhz oralaradır. Dağlara qalxdıqca açıq avtomobil şüşələrindən kəskin kəklikotu iyi gəlir və bizi duman bürüyür. “Bu duman deyil, buluddur”, - Səbinə deyir. Kəlbəcər rayonunun Vəng kəndində yerləşən monastır kompleksinə çatanda bizə məlumat verir: "Həvari Faddey Xudavəngdə dəfn olunub və monastır XIII əsrdə «Albanların Vatikanı» sayılırdı". Arxeoloji qazıntılar zamanı məlum olub ki, monastırın təməli VI - VII əsrlərə qoyulub. XIII əsrdə Mehranilər sülaləsindən olan Böyük Həsənin (deyilənə görə, monastır həyatına inzivaya çəkilmişdir) oğlu, Şahzadə Xaçın Vaxtanqın (Bəhram) ailəsinin səyləri nəticəsində təmir edilmiş və yeni tikililərlə zənginləşdirilmişdir. Kilsə 1214-cü ildə şahzadə Arzu xatun tərəfindən əri Şahzadə Vaxtanq və uşaqlarının xatirəsini əbədiləşdirmək üçün tikilmişdir. Burada qalereya formalı eyvan və kiçik bir keçid də tikilmişdir. İbadət yerlərinin cənubunda yaşayış və kənd təsərrüfatı binaları yerləşirdi. “Sonra, - Hacıyeva davam edir, - 1216-cı ildə Gəncəsər monastırı tikildi və əsas dini mərkəzə çevrildi. Sonra kilsə sənədləri Gəncəsərə keçdi və orada 1836-cı ilə qədər saxlandı”.

Gəncəsər monastırına çatmaq üçün dağın başına qalxırıq. Hündür divarla əhatə olunmuş ərazi Vəngli kəndinin yaxınlığında, Xaçınçay çayının sahilində, dağın yamacında yerləşir və buradan ətrafa gözəl mənzərə açılır. Burada Müqəddəs Vəftizçi İohann kilsəsi 1216-1238-ci illər arasında tikilmişdir. Altı əsr ərzində, 1836-cı ilə qədər, o, müstəqil Alban knyazlığının spiritual mərkəzi və sonuncu Alban katolikosunun iqamətgahı olmuşdur. Monastır kompleksində rahiblərin hücrələrini və katolikosları yerləşdirmək üçün otaqları da görmək mümkündür.

https://www.osservatoreromano.va/it/news/2024-07/quo-167/monasteri-tra-le-nuvole.html

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti