news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 dekabr 2024

Arxiyepiskop Pol Riçard Qallagerin Azərbaycana səfəri

14-16 dekabr tarixlərində Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallager Azərbaycana üçgünlük səfərə gəlib.

 

Səfər çərçivəsində dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Müqəddəs II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin arxiyepiskop Paul Riçard Qallager tərəfindən təqdisetmə mərasimi keçirilib.

Mərasimdə Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Milli Məclisin deputatı Soltan Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Müqəddəs Taxt-Tacın Azərbaycan Respublikasındakı Apostol nunsisi Marek Solçinski, Azərbaycanın Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov və digər rəsmi şəxslər iştirak ediblər.

Arxiyepiskop Paul Riçard Qallager kilsənin layihəsi ilə tanış olub.

Kilsənin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, giriş 722 ünvanında yerləşən 0,17 hektar torpaq sahəsinin Azərbaycan Respublikasındakı Katolik Kilsəsinin istifadəsinə verilməsi haqqında 2024-cü il 1 may tarixli Sərəncam qəbul edilib.

 

Dekabrın 15-də arxiyepiskop Paul Riçard Qallager Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

 

Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib. Roma Papasının sonuncu dəfə 2016-cı ildə Azərbaycana səfər etdiyini deyən dövlətimizin başçısı həmin vaxt və özünün 2020-ci ildə Vatikana səfəri çərçivəsində Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayaraq Roma Papasını ölkəmizə səfərə dəvət edib. Arxiyepiskop Qallager II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin inşası üçün ərazinin ayrılmasına və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib, bunun tərəfdaşlığın nümunəsi olduğunu və ölkəmizdəki katolik icması tərəfindən çox böyük rəğbətlə qarşılandığını qeyd edib. Prezident İlham Əliyev yeni tikiləcək kilsənin əlaqələrimizin yaxşı rəmzi olacağını vurğulayıb. Azərbaycanın, həmçinin beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoq prosesinə və bu sahədə əməkdaşlığa böyük töhfə verdiyini deyən dövlətimizin başçısı ölkəmizdə mütəmadi olaraq mədəniyyətlər və konfessiyalararası dialoqa həsr edilən beynəlxalq tədbirlərin keçirildiyini məmnunluqla xatırladıb.  Görüş zamanı eyni zamanda regional məsələlər barədə fikir mübadiləsi aparılıb. 

 

Dekabrın 16-da həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arxiyepiskop Paul Riçard Qallager ilə görüşüb. Tərəflər arasında keçirilən təkbətək görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlığın inkişafı perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

 

Müqəddəs Taxtın katibi səfər çərçivəsində həmçinin Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsində ibadət keçirib və İçərişəhərdə yerləşən Tolerantlıq Evini ziyarət edib. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti