Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib
Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan və rəqəmsallaşdırılan tarixi əlyazmalar, həmçinin tarixi mənbələr haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, 2013-cü və 2014-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq həyata keçirilib. Əlavə olunub ki, 10 sentyabr 2025-ci ildə Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında yeni Anlaşma Memorandumu imzalanıb.
Qeyd olunub ki, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi ilə əməkdaşlıq azərbaycanlı alim və tədqiqatçılara burada mühafizə olunan nadir əlyazmalara, qədim xəritələrə, eləcə də müxtəlif dillərdə dəyərli nəşrlərə çıxış imkanı verəcək. Bildirilib ki, bu, gələcəkdə, həmçinin Azərbaycanın tarixi və mədəni irsi barədə yeni və mühüm məlumatların əldə olunmasına şərait yaradacaq.
Sonda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Apostol Kitabxanasına Azərbaycanın tarixi, təbiəti və mədəni irsinə həsr olunmuş bir sıra kitab və nəşrlər hədiyyə edib.